Altı ayda Azərbaycanın xarici ticarət dövriyyəsi  9,4 faiz artıb 

14:33 - 12.08.2025


12 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 23964,3 milyon ABŞ dolları təşkil etmişdir. 

Ticarət dövriyyəsinin 12442,2 milyon dollarını və ya 51,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 11522,1 milyon dollarını (48,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 920,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artmış, real ifadədə 3,8 faiz azalmışdır. 
İdxal real ifadədə 4,4 faiz artmış, ixrac isə 9,3 faiz azalmışdır.

2025-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı 1754,1 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 9,9 faiz artmış, real ifadədə isə 13,2 faiz azalmışdır.