14:42 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 9,6 faiz artaraq 3 milyard 89,8 milyon manat təşkil edib.
ABC.AZ ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 milyard 468,7 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 21,4 dəfə çoxdur.
Hesabat dövrü ərzində ARDNF-in 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24,3 milyon manat yönəldilib, o cümlədən:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon dolları məbləğində vəsait satılıb.
İlk altı ay ərzində ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.