Maliyyə institutları rəqəmsal biznes idarəetməsinə üstünlük verirlər

10:23 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Bu gün uğurlu fəaliyyət göstərən maliyyə institutları texnoloji şirkətlərə çevrilərək rəqəmsal biznes idarəetməsinə üstünlük verirlər.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədrin müavini Vüsal Xəlilov Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxış edərkən deyib.

Bu sahədə uğurlu olan ölkə təcrübələrinin təhlili iki məqamı üzə çıxarır deyən V. Xəlilov qeyd edib ki, bunlar insan potensialı və standartların tətbiqidir.

"Rəqəmsal mühitdə tələb olunan  mühəndislik, məhsul sahibliyi, dizayn və digər bilik domenləri uğurun əsas amillərindəndir. Hamıya məlumdur ki, sadaladığım bilik və bacarıqlara qısa zamanda yiyələnmək heç də asan deyil. Bu səbəbdən hər bir bilik domenində düzgün istiqamətləndirmə və təcrübə çox vacibdir. Məhz bu səbəbdən Mərkəzi Bankın dəstəyi ilə bu il İCPC - dünyada ən elit proqramlaşdırma yarışının finalı Azərbaycanda keçiriləcəkdir. Bu deməkdir ki dünyanın bütün universitetlərinin ən güclü proqramçıları Azərbaycana gələcəkdir. Sözügedən yarış zamanı dünyanın top təşkilatlarının diqqəti Azərbaycanda olacaq, çünki qeyd etdiyim kimi, bu təşkilatların uğurlu olmasının səbəbi məhz yüksək bilik və bacarığa malik olan insan potensialıdır. OpenAİ, Meta, Google kimi təşkilatların aparıcı rəhbər və mühəndislərindən ibarət komandaların Azərbaycana İCPC alumniləri rolunda gəlməsi də ölkəmizin bu sahədə artan nüfuzunun bir göstəricisi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, finalın Azərbaycanda keçirilməsi bu sahənin populyarlaşmasında öz töfhəsini verəcək" - deyə Mərkəzi Bank rəsmisi qeyd edib.

Müəllif: Elmir Murad