10:13 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində işlər davam etdirilir.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədrin müavini Vüsal Xəlilov Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxış edərkən deyib.
O qeyd edib ki, sistemin əhatə dairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq, istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim edilir.
"2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə edilmişdir. Sözügedən göstəricinin artım dinamikasını yaxından izləyir və növbəti aylarda indikator üzrə müsbət trayektoriyanın davam edəcəyini proqnozlaşdırırıq" - deyə Mərkəzi Bank rəsmisi bildirib.
O bildirib ki, 2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard AZN-dən artıq olmuş, bu isə 2023-cü il ilə müqayisədə 27%-lik artım nümayiş etdirmişdir:
"Əlavə olaraq, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard AZN-ə yaxınlaşmışdır. Eyni zamanda, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olmuşdur. Bu isə, ödəniş kartları ilə ölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir".
Müəllif: Elmir Murad