Bu layihələr fintexlərin inkişafı üçün mühüm rol oynayacaq

10:04 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Maliyyə texnologiyaları sahəsində balanslı və çevik tənzimləmə çərçivəsinin yaradılması, yeni texnoloji həllərin bazara təqdim edilməsi, rəqəmsal maliyyə xidmətlərinə universal çıxış imkanlarının təmin edilməsi, bazar iştirakçıları ilə səmərəli məlumat axınının qurulması əsas hədəflərimizdəndir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədrin müavini Vüsal Xəlilov Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxış edərkən deyib.

O qeyd edib ki, üzərində çalışdığımız Açıq Bankçılıq, Paylanılmış KYC və xüsusilə Ani Ödənişlər Sistemi layihələrinin fintexlərin inkişafı üçün mühüm rol oynayacağına inanırıq.

"Məlumdur ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və onun icrasına nəzarət bizim əsas funksiyalarımızdır. Bu sahədə müvafiq assosiasiyalarla və onların ekspert qrupları ilə davamlı müzakirələr apararaq, bazar iştirakçılarını narahat edən məqamları müəyyənləşdirib onları qanun və qaydaların yeni versiyalarında nəzərə almağı, nəticə etibarilə innovativ məhsul və xidmətlərin təhlükəsiz tətbiqinə imkan verən münbit hüquqi zəminin formalaşdırılmasını hədəfləyirik", - deyə Mərkəzi Bank rəsmisi çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bank 2024-2026-cı illəri əhatə edən “Maliyyə Sektorunun İnkişafı Strategiyası”na uyğun olaraq risk əsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsini həyata keçirir və sözügedən təkmilləşdirmə çərçivəsində süni intellekt əsaslı modellərin geniş istifadəsi nəzərdə tutulur:

"Bu mövzuda paylaşmaq istədiyim əsas fikir ondan ibarətdir ki, nəzarət funksiyalarının fəaliyyəti qanunun aliliyini təmin edərək rəqabətli bazar mühitinin formalaşdırılmasına və sektorun potensial risklərdən qorunmasına xidmət edir".

Müəllif: Elmir Murad