Üç ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 14,7 faiz artıb

15:03 - 30.04.2025


30 aprel, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın aprel sayını təqdim edib.

ABC.AZ xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771.9 milyon  ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon ABŞ dolları və ya 76,8%, kimya sənayesi məhsulları 21,9 milyon ABŞ dolları və ya 33,4%, şəkər 976,3 min ABŞ dolları və ya 18,8%, meyvə-tərəvəz 20,8 milyon ABŞ dolları və ya 15,7%, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon ABŞ dolları və ya 10,2%, spirtli və spirtsiz içkilər 724 min ABŞ dolları və ya 5,7%, çay 74,1 min ABŞ dolları və ya 5,1%, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min ABŞ dolları və ya 4,2%, pambıq iplik 22,1 min ABŞ dolları və ya 0,4% artıb.