“Strategy Inc.” 1.99 milyard dollar dəyərində Bitcoin alıb

10:09 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Amerikanın proqram təminatı istehsalçısı “Strategy Inc.” (keçmiş “MicroStrategy Inc.”) 18-23 fevral tarixləri arasında təxminən 1.99 milyard dollar dəyərində 20 356 bitkoin alıb.

ABC.AZ xəbər verir ki, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, kriptovalyutanın orta alış qiyməti 97 514 dollar təşkil edib.

Bitkoin “Strategy” tərəfindən institusional investorlara konvertasiya edilə bilən istiqraz təklifi vasitəsilə toplanan vəsaitlər hesabına alınıb. Ötən həftə şirkət bu qiymətli kağızları 1.99 milyard dollara satıb.

Fevralın 23-nə olan məlumata görə, “Strategy” ümumilikdə 499 096 bitkoinə sahibdir və bunun üçün 33.1 milyard dollar ödəyib (bir bitkoin üçün orta hesabla 66.357 min dollara başa gəlib). Bitkoinin hazırkı qiymətini nəzərə alsaq, bu portfelin dəyəri təxminən 45 milyard dollardır.