Aİ 24 fevral 2025-ci il tarixinə Rusiyaya qarşı növbəti sanksiyaları qəbul edəcək

10:49 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini 24 fevral 2025-ci il tarixinə tətbiq etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Die Welt qəzeti yazır.

Yeni sanksiyalar Rusiya iqtisadiyyatının daha öncə toxunulmayan və ya kifayət qədər əhatə olunmayan sektorlarına yönəldiləcək.

Avropa Komissiyası və Avropa Xarici əlaqələr xidməti həmçinin Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxslər üçün giriş və aktivlərin dondurulmasına qadağalarını tətbiq etməyi planlaşdırır.

Aİ-nin on ölkəsi Avropa Komissiyasını birgə təklifi nəzərdən keçirməyə və təcili olaraq Rusiyaya qarşı sanksiyalar paketi üzərində işləməyə, həmçinin Moskvanın müttəfiqi olan Belarus üçün oxşar məhdudiyyətlər hazırlamağa çağırıb.

Əsasən Mərkəzi Avropa və İrlandiyadan olan ölkələr Rusiya qazının və LNG-nin idxalına ən qısa müddətdə qadağa qoyulmasının lazım olduğunu vurğuladılar. Bu mümkün olmazsa, alternativ olaraq Rusiya qazının istehlakının tədricən azaldılması nəzərdən keçirilir.

Sənəddə hədəf sanksiyaların limanlara giriş və digər dəniz xidmətlərindən istifadə məhdudiyyətləri daxil olmaqla LNG daşıyan Rusiya donanmasına şamil edilməsi tövsiyə olunur.