10:29 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Gələn ilin əvvəlindən test rejimində çalışacaq yeni bankçılıq platforması istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bunu Maliyyə texnologiyalarına dair məlumatlılıq savadlılığının artırılması təlimində Mərkəzi Bankın Maliyyə Texnologiyalarının Təhlili və İnkişafı şöbəsinin rəhbəri Kənan Bədəlov deyib.
O bildirib ki, Mərkəzi Bankın Açıq Bankçılıq platforması daha böyük imkanlara malik olacaq.
Belə ki, sözügedən platformaya banklar və bütün fintex təşkilatları qoşula biləcək: "Hazırda sözügedən platforma üzərində texniki tamamlanma işləri gedir. Platforma fəaliyyətə başlayandan sonra qarşıdakı dövrlərdə bütün maliyyə təşkilatlarını resursa qoşmağı düşünürük. Platforma açıq bankçılıq adlansa da, müəyyən bir nəzarət limitləri çərçivəsində fəaliyyət göstərəcək. Vətəndaşlar öz hesablarına baxa biləcək. Yəni, platformada hesab açan şəxs, hesabın sahibi özü barədə banklardakı məlumatlara baxa biləcək. O cümlədən banklar da kredit üçün müraciət edən şəxsin bank tarixçəsini izləyə biləcək. Platformaya ilkin olaraq 10 bank qoşulacaq".
Müəllif: Elmir Murad