Bir neçə beynəlxalq elektron ticarət platforması Azərbaycana gəlir

16:27 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Azərbaycanda bir neçə beynəlxalq elektron ticarət platformaların dövlət qeydiyyatına, yəni ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınması ilə bağlı danışıqlar aparılır.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Bu sahədə ilk şirkət “Apple Distribution International Limited” olub və ƏDV məqsədləri üçün onun qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV hesablamayacaq.

S. Musayevanın sözlərinə görə, elektron ticarət sahəsində iki əsas istiqamət mövcuddur: yerli istehsal və ticarətin e-ticarət üzərindən davam etdirilməsi, həmçinin qlobal elektron ticarət platformalarının vergiyə cəlb olunması. “Bu yaxınlarda ‘“Apple Distribution International Limited” Azərbaycanda elektron ticarət həyata keçirən subyekt kimi elektron qeydiyyatına alındı. İlkin təhlillərimiz göstərir ki, bu şirkət vasitəsilə ölkədə böyük həcmdə elektron ticarət əməliyyatları həyata keçirilir.

O əlavə edib ki, digər beynəlxalq elektron ticarət platformaları ilə də müzakirələr aparılır. “Yaxın günlərdə qlobal elektron xidmət təchizatçılarının ölkə ərazisində vergiyə cəlb edilməsi ilə bağlı bir neçə il əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliklərin nəticələrini görəcəyik”.