“SOCAR Türkiyə” telekommunikasiya şirkətini aktivindən çıxarır

15:10 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft emalı, neft-kimya, təbii qaz və enerji ticarətinin əsas iş sahələrində fəaliyyət göstərən törəməsi “SOCAR Türkiyə” şirkəti bu sahələrdən kənar qrup şirkətlərindən olan “Millenicom” telekommunikasiya şirkətini aktivindən çıxarır.

ABC.AZ xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin məlumatında bildirilib.

Bildirilib ki, “Millenicom” bu razılaşma çərçivəsində artıq “Albaraka Portföy Yönetimi” A.Ş. Dördüncü Qarışıq Risk Kapitalı İnvestisiya Fondu çətiri altında müştərilərinə xidmət göstərəcək.

Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə” qrupuna daxil olan “Millenicom” şirkəti təxminən 400 min abunəçiyə sürətli, öhdəliksiz və limitsiz fiber internet xidməti təqdim edərək Türkiyənin aparıcı alternativ operatorlarından biri olub.