İlham Əliyev: Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin qorunmasına kömək edə bilsək, edəcəyik

12:47 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Bakı Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin qorunması ilə bağlı Moskva ilə danışıqlar aparır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən İkinci Qlobal Media Forumunda deyib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Ukrayna və Avropa Birliyi (AB), müqavilənin 2024-cü ilin sonunda sona çatmasından əvvəl müqavilə bağlamalarına kömək etmələrini xahiş ediblər.

"Hər iki tərəf maraqlıdır, çünki Ukraynanın özü bu qaza ehtiyac duyur. Biz Rusiya ilə danışıqlar prosesindəyik. Və kömək edə bilsək, kömək edəcəyik", - deyə ölkə rəhbəri bildirib.

Bundan əlavə, dövlət başçısı vurğulayıb ki, Avstriya və Slovakiya kimi ölkələr Ukrayna vasitəsilə Rusiya qazının tədarükü dayandırılsa, "ciddi çətinliklər"lə qarşılaşacaqlar, çünki Rusiya qazını digər mənbələrlə əvəz etmək üçün "yüz milyonlarla və ya daha çox" ödəməli olacaqlar.

Eyni zamanda, İlham Əliyev bildirib ki, əgər avropalılar investisiya qoymaqdan imtina etsələr, Azərbaycan öz qaz hasilatının artırılmasına və Aİ-yə ixracı üçün infrastrukturun genişləndirilməsinə milyardlarla sərmayə qoymayacaq.

"Qaz təchizatı məsələsində ikiüzlülüyə son qoymaq vacibdir. Bir tərəfdən, Avropa bizdən tələb edir ki, hasilatı artıraq və qazı Avropaya nəql edək, çünki o, buna ciddi ehtiyac duyur. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər", - deyə dövlət başçısı bildirib.

O əlavə edib ki, bu gün Avropanın Azərbaycan qazına böyük ehtiyacı var, amma 10 ildən sonra vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, avropalılar Cənub Qaz Dəhlizinin (Bakı – Tbilisi – Ərzurum qaz kəməri, Trans-Anadolu qaz kəməri və Trans-Adriatik qaz kəməri daxildir) tutumunun Azərbaycan vəsaiti hesabına 16 milyard kubmetrdən 32 milyard kubmetrədək artırılmasına nail olmaq istəyirlər. "Biz hələ ki, Cənub Qaz Dəhlizinə qoyulan investisiyalarla bağlı xərclərimizi bərpa etməmişik. Qaz satışından əldə etdiyimiz gəlirlər hələ də bu borcun ödənilməsinə sərf olunur", - deyə Azərbaycan lideri qeyd edib.