Cəbrayılda GES-in tikintisi 2025-ci ildə başa çatacaq - SOCAR

17:19 - 6.06.2024


6 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi BP və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.

Onun sözlərinə görə, SOCAR enerjiyə keçid, enerji səmərəliliyi, dekarbonizasiya və dayanıqlı inkişaf kimi məsələlərdə fəal iştirak edir:

“Bundan başqa, biz metan emissiyalarının azaldılması ilə bağlı layihələr həyata keçiririk. Geotermal enerji və “mavi hidrogen” ilə bağlı layihələr növbəti sırada dayanır. Üstəlik, biz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bərpa olunan enerji zavodlarının tikintisinə dair müqavilələr imzalamışıq”.