Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində yaşıl enerji ixracı nəzərdə tutulur

15:48 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Energetika nazirinin müavini Kamal Abbasov Beynəlxalq Enerji Forumunun ev sahibliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Enerjiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi (IEA) – Beynəlxalq Enerji Forumu (IEF) – Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Simpoziumu”nda çıxış edib.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, çıxışda Azərbaycanın enerji sektorunda həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri baxımından əldə etdiyi nailiyyətlər qeyd edilib.

Cari ildə bərpaolunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəldilməsi planlaşdırılır.

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq haqqında danışan nazir müavini bildirib ki, Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində yaşıl enerji ixracı nəzərdə tutulur.

Çıxışda Azərbaycanın “yaşıl hidrogen” sahəsinə marağı ifadə edilib və vurğulanıb ki, aşağı karbonlu enerjiyə artan tələbatı ödəmək üçün hidrogenin bərpaolunan enerji mənbələri hesabına istehsalı və ixracı potensialı araşdırılır.