BP ən böyük seysmik tədqiqat proqramına AÇG-də başlayıb

14:38 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. BP şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi yanvarın 20-də AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.

Şirkətdən  ABC.AZ -a bildirilib ki, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.

AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək.

Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.

Proqram “Caspian Geo LLC”şirkəti tərəfindən yerinə yetiriləcək.