“Shell” neft-qaz şirkəti Qırmızı dəniz vasitəsilə daşımaları dayandırdı

10:04 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Britaniyanın “Shell” neft-qaz şirkəti Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

“WSJ”nin məlumatına görə, daşımaların dayandırılması qərarını “Shell” rəhbərliyi yəmənli husilərin gəmiyə növbəti hücumunun bölgədə böyük neft sızıntısına səbəb ola biləcəyindən ehtiyat edərək qəbul edib.

Dekabr ayında Hindistanın reaktiv yanacağını daşıyan “Shell” tankeri pilotsuz təyyarənin hücumuna məruz qalıb.

“Shell” bu hücum və tranzitin dayandırılması qərarı ilə bağlı şərh verməkdən imtina edib.

Hücuma məruz qalan gəmilər arasında mayeləşdirilmiş qaz və neft daşıyan tankerlər də olub.