Naxçıvanın 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşuldu

14:23 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Naxçıvan şəhərində və Muxtar Respublika ərazisində olan dövlət orqanlarının "AzStateNet" şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

ABC.AZ XRİTDX-yə istinadla xəbər verir ki, cari ilin 6 ayı ərzində bu bölgənin 16 dövlət qurumu və həmin qurumların elektron informasiya resursları “AzStateNet” şəbəkəsinə köçürülüb.

Muxtar respublika ərazisindən “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.