"Apple" Hyustonda yeni qabaqcıl istehsal mərkəzi açıb

12:26 - 14.08.2026


14 avqust, Fineko/abc.az. ABŞ-ın texnologiya nəhəngi "Apple" Texas ştatının Hyuston şəhərində yeni qabaqcıl istehsal mərkəzinin fəaliyyətə başladığını elan edib.

Şirkətin açıqlamasında bildirilir ki, yeni obyekt "Apple"ın təkmilləşdirilmiş süni intellekt serverlərinin istehsal olunduğu və göndərildiyi, həmçinin bu il "Mac mini" kompüterlərinin buraxılışına başlanacaq Hyuston kompleksinin tərkibində yerləşir.

Mərkəz kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə müasir istehsal prosesləri, maşın təlimi dəstəkli keyfiyyətə nəzarət və qabaqcıl avtomatlaşdırma sahələrində ödənişsiz təlim imkanları təqdim edəcək.

Açılış mərasimində ABŞ-ın Ticarət naziri Hovard Lutnik, senator Ted Kruz, Hyuston meriyası və digər rəsmi şəxslər iştirak ediblər. "Apple"ın icraçı direktoru (CEO) Tim Kuk şirkətin son 9 ay ərzində Hyustondakı bu obyektə yüz milyonlarla dollar sərmayə yatırdığını vurğulayıb.