09:00 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Məlumatların analitikası və süni intellekt sahəsində fəaliyyət göstərən "Databricks" şirkəti 190 milyard dollar dəyərləndirmə əsasında 5 milyard dollar maliyyələşmə əldə edib. Bu, sürətlə böyüyən şirkətin cari il ərzində həyata keçirdiyi ikinci investisiya raundudur.
Maliyyələşmə raunduna "Coatue Management" rəhbərlik edib. Prosesdə həmçinin "Blackstone", "MGX", "T. Rowe Price Investment Management" və "T. Rowe Price Associates" fondu tərəfindən idarə olunan hesablar iştirak ediblər.
San-Fransisko mərkəzli şirkətin illik gəlir göstəricisi 7 milyard dolları ötüb. Bu da ikinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artım deməkdir. Əldə olunan 190 milyard dollarlıq yekun dəyərləndirmə şirkətin fevral ayındakı 134 milyard dollarlıq göstəricisi ilə müqayisədə 42% artım göstərir.
Qeyd edək ki, "Google"un "BigQuery" və "Microsoft"un "Fabric" xidmətləri ilə rəqabət aparan "Databricks" böyükhəcmli məlumatların təhlili və süni intellekt əsaslı xidmətlərin fəaliyyəti üçün proqram təminatı təqdim edir.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026