Azərbaycanda benzin və dizel bahalaşa bilər

14:02 - 12.07.2023


12 iyul, Fineko/abc.az. “Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, “Aİ-92” benzini “Avto-2” standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə “Avro-5” standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub”.

ABC.AZ xəbər verir ki, bu sözləri Bizim.Media açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, zavod üçün 4 milyard manat kapital qoyuluşu həyata keçirilib. 

Bu gün dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb. 

Bəs bundan sonra “Aİ-92” və digər markalı benzinlərin qiyməti ucuzlaşa bilərmi?

Sualı cavablandıran müsahibimiz bunun mümkün olmadığını söyləyib və həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını diqqətə çatdırıb: 

“Ancaq “Aİ-95” markalı benizinin qiyməti aşağı düşəcək. “Aİ-92” markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni, bu vəsait istehlakçıdan çıxılmalıdır”.