Azərbaycan yanvar-aprel aylarında Avropaya bu qədər qaz ixrac edib

11:00 - 12.05.2023


12 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çox – 8,4 milyard kubmetr təşkil edib ki, bunun da 3,9 milyard kubmetri Avropaya, 3,4 milyard kubmetri Türkiyəyə, 1,1 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Tviterdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, 4 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 1,9 milyard kubmetr “mavi yanacaq”la təchiz edib.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Onun ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.