Azərbaycanda interneti “SpaceX” şirkəti təmin edəcək - Müqavilə imzalandı

10:53 - 10.05.2023


10 may, Fineko/abc.az. Azərbaycanın Kosmik Agentliyi – Azərkosmos ABŞ-nın “SpaceX” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ABC.AZ xəbər verir ki, müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərkosmos və “SpaceX” şirkəti arasında keçirilən görüşdə imzalanıb. Müqaviləyə əsasən Azərkosmos və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Azərkosmos tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.

Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel (Gwynne Shotwell) qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır.