12:12 - 4.05.2023
4 may, Fineko/abc.az. 2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr həcmində Azərbaycan qazının ixracı planlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumundan (EPDK) bildirilib.
Qeyd edilib ki, fevralda Türkiyəyə qaz ixracı 12 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Anqola, Əlcəzair, Fransa, Misir, Mozambik, Nigeriya, Norveç Trinidad və Tobaqo - LPG) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.