12:14 - 25.04.2023
25 aprel, Fineko/abc.az. Azərbaycanın əsas neft yataqları hasilatın azalması mərhələsindədir. Odur ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video-müraciətində bildirib.
O qeyd edib ki, doğrudur, qaz yataqlarında hasilat getdikcə artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafı olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər. "Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul asanlıqla oz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət və dəstək tədbirləri davam etdiriləcək", - deyə o qeyd edib.