Naxçıvanda birinci rübdə bu qədər elektron imza sertifikatı verilib

10:01 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, imzadan bütün vətəndaşlar, o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

Muxtar respublikada cari ilin birinci rübündə 5-i sahibkar, 16-sı hüquqi şəxs və 66-sı dövlət qurumu olmaqla, ümumilikdə, 87 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir.