Şimali Makedoniya Azərbaycan qazına iki il sonra çıxış əldə edəcək

10:13 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Azərbaycan qazına çıxış əldə etmək üçün Şimali Makedoniya və Yunanıstan arasında interkonnektorun inşasının 2025-ci ildə tamamlanması planlaşdırılır.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Razmena Çekiç-Durovik açıqlama verib.

O bildirib ki, Şimali Makedoniya-Yunanıstan qaz interkonnektoru layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə tədqiqat hazırlanıb və müvafiq bütün prosedurlar tamamlanıb. "Həmçinin, Ətraf Mühit və Ərazi Planlaşdırılması Nazirliyinin qərarı var. Təməl layihə tamamlanıb və işlənib. 2022-ci ilin sentyabr ayında layihə üzrə Yunanıstandan olan tərəfdaş yekun investisiya qərarı elan olunmazdan əvvəl bazar testini tamamlayıb", - o deyib.

"2023-cü ilin sonlarınadək tikinti üçün podratçıların seçilməsi planlaşdırılır. 2025-ci ildə qaz interkonnektorunun tikintisinin tamamlanması və TAP, maye təbii qaz terminalları və s. vasitəsilə qaz tədarükü hesabına ölkəyə təbii qaz tədarükünün diversifikasiyası planlaşdırılır", - Razmena Çekiç-Durovik əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.