15:09 - 16.03.2023
16 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
“Azəri-Çıraq-Günəşli”dən 570 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb.
Bundan 01 mart 2023-cü il tarixinədək 609 milyon tondan çoxu ixraca nəql edilib.
2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib.
Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.