SOCAR prezidenti İslam İnkişaf Bankının qrup rəhbəri ilə niyə görüşüb?

10:07 - 2.03.2023


2 mart, Fineko/abc.az. 2023-cü il martın 1-də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə İİB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, İİB tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

SOCAR-ın ölkə daxilində və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib. Bu xüsusda, SOCAR ilə İİB arasında neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.