11:21 - 23.12.2022
23 dekabr, Fineko/abc.az. Biləsuvar və Cəlilabad rayonlarında balıq bahalaşıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, balıq satışının həyata keçirildiyi ərazilərdə qiymətlər araşdırılıb.
Müşahidələr zamanı məlum olub ki, balığın qiymətində 20-30 faizə yaxın bahalaşma var. Alıcılar da qiymətlərin baha olmasından şikayətləniblər.
Onların sözlərinə görə, əvvəllər çay balığının kiloqramı 8-10 manata satılırdı. Amma indi bu, alıcılara 11-12 manata təklif olunur. Sakinlər deyir ki, həmişə bayram xörəkləri arasında çəki balığına da üstünlük verilib, amma hazırda bu balıq növünü tapmaq əsl müşkülə çevrilib: "Bu balığa tələbat çox olduğu üçün qiyməti də çox bahadır. Bununla yanaşı, bazarlarda satışa çıxarılan dəniz məhsulları arasında çəki balığına əvvəlki kimi çox rast gəlinmir".
Bundan əlavə, müşahidələr zamanı məlum olub ki, süni göllərdə yetişdirilən balıqların qiyməti də bahalaşıb. Belə ki, bu balıqların satış qiyməti növündən asılı olaraq 6-8 manat arasında dəyişir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026