10:43 - 2.11.2022
2 noyabr, Fineko/abc.az. Noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib.
ABC.AZ xəbər verir ki, nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.
Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib.
Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib. “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.
Daha sonra heyət Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı və mina, partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.
Daha sonra heyət 110 kV-luq “Laçın şəhəri” qovşaq yarımstansiyası ilə də tanış olub.