Son 9 ayda elektron ticarət əməliyyatlarının məbləği 2,7 dəfə artıb

16:10 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların məbləği ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının məbləği 2,7 dəfə artıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib. Onun sözlərinə görə, son 1 ildə ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub.

"Müqayisə üçün qeyd edim ki, bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və məbləği ötən ilin eyni dövrünün göstəricilərini 2,1 dəfə üstələyib. Bu göstəricilər ölkədə nağdsız ödəniş vərdişlərinin formalaşdığını göstərir" deyə K.Qurbanova bildirib.