Son 9 ayda bu ölkə Rusiyqdan neft idxalını 8 faizdən çox artırıb

11:27 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında (9 ayda) Rusiya neftinin Çinə ixracı illik müqayisədə təxminən 8,8% artaraq 64,25 milyon ton təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, doqquz ay ərzində Çinin Rusiyadan aldığı xam neftin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 44,06 milyard dollar təşkil edib.

Açıqlanan statistik məlumatlara görə, avqustda olduğu kimi, sentyabrda da Rusiya Çinə aparıcı neft ixracatçıları arasında ikinci yerdə qərarlaşıb.

Ötən ay Çin Rusiya Federasiyasından 7,46 milyon ton neft alıb (avqust ayı ilə müqayisədə təxminən 11% azalma).

Çinə neft ixracına görə, yanvar-sentyabr aylarında 49,79 milyard dollara 65,83 milyon ton satan Səudiyyə Ərəbistanı liderdir (il ərzində fiziki həcmdə 0,9% azalma və dəyər ifadəsilə 1,5 dəfə artım).