Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı razılığı təsdiqləyib

15:48 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. Türkiyənin Energetika Nazirliyi respublikada yeni qaz qovşağının tikintisi üzərində işləyir.

ABC.AZ-ın məlumatına görə, bunu qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, bu təklifi Rusiya prezidenti Vladimir Putin irəli sürüb. Ərdoğanın sözlərinə görə, mərkəz ən qısa zamanda yaradılacaq.

"Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsidir. Artıq deyildiyi kimi, belə bir paylama mərkəzi üçün təbii ki, Trakya ən uyğun yer hesab olunur. Biz cənab Putinlə birlikdə Energetika və Təbii Sərvətlər Nazirliyimizə və Rusiya tərəfinin müvafiq qurumuna birgə işləməyi tapşırdıq. Ümid edirik ki, bu mərkəzi ən uyğun yerdə yaradacağıq. Bizim milli paylama mərkəzimiz var, lakin təbii ki, indi o, beynəlxalq paylama mərkəzi olacaq”, - deyə Ərdoğan bildirib.