10:46 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az Bolqarıstan cənub qaz dəhlizi ilə tədarük həcmini artırmaq və Azərbaycandan hər il iki milyard kubmetrə qədər qaz almaq niyyətindədir.
ABC AZ xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov bildirib .
"Onlar bizə ənənəvi tərəfdaş kimi cənub qaz dəhlizinin gələcəkdə genişləndirilməsindən əlavə qaz payı verməyi təklif etdilər. Bu o deməkdir ki, biz uzunmüddətli müqavilə əsasında hər il 2 milyard kubmetr qaz ala biləcəyik. Azərbaycanla müddətli müqavilə bağlanacaq ki, bu da bizim tələbatımızın təxminən 60%-ni təşkil edəcək. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla qiymət, kəmiyyət, qaz təchizatı şərtləri və digər texniki parametrlər üzrə danışıqları davam etdirəcəklər. Lakin bizim üçün bu kəmiyyətləri indi bəyan etmək vacibdir" deyə nazir bildirib. Stoyanov əlavə edib ki, tədarük həcmi 3-4 il ərzində artırıla bilər.
Nazir təsdiq edib ki, oktyabrın 1-dən Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisi başa çatdıqdan və onun istismarına icazə alındıqdan sonra Bolqarıstan hər il 1 milyard kubmetr Azərbaycan qazı alacaq.