14:05 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Avqustun 18-də Azərbaycan, Türkiyə və Gürcüstan Hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib.
ABC.AZ xəbər verir ki,iclasda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.
Sazişi Azərbaycan Hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Hökuməti adından Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan Hökuməti adından Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıblar.
Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.