İlin sonunadək neftin qiyməti 100 dolları üstələyəcək - Mərkəzi Bankın hesabatından

16:39 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilib ki, beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcək. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.

Məlumatda bildirilib ki, xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil edib. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.