11:20 - 24.12.2019
24 dekabr, Fineko/abc.az. Azərbaycanla eyni dövrdə üzən məzənnəyə keçən Rusiya və Qazaxıstanda milli valyutaların məzənnələri fərqli nəticə göstərib.
ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda mövcud olan “üzən məzənnə” rejiminə münasibət bildirərkən deyib. Ekspert Azərbaycandakı vəziyyətlə adıçəkilən ölkələrdəki situasiyanı müqayisə edərək nümunələr də göstərib: “Məsələn, Rusiyada rubl 2019-cu ildə dollara münasibətdə 7,5% bahalaşıb və bu müddətdə məzənnə dollara nəzərən 62,4-67,2 rubl civarında dəyişib. Digər ölkə ollan Qazaxıstanda isə təngə il ərzində 0,3% ucuzlaşıb. Bu müddətdə təngənin məzənnəsi 373-390 təngə aralığında dəyişib. Nəzərə almaq lazımdır ki, Azərbaycanla müqayisədə bu ölkələrin iqtisadiyyatlarının neftdən asılılığı aşağıdır. Hətta bu ölkələr tam üzən məzənnəyə keçməyiblər və Mərkəzi Bank tərəfindən tənzimlənmə siyasəti yürüdülür.
AMB məzənnəni sabit saxlamaqla bir tərəfdən idxal inflyasiyasının təsirini minimuma endirməyə, digər tərəfdən kövrək maliyyə sistemini qorumağa, xarici investisiya cəlbi üçün sabit mühit yaratmağa çalışır. İndiki dövrdə bu addım özünü doğrultsa da mövcud siyasət uzunmüddətli dövr üçün təhlükəlidir. Gələcəkdə, xüsusilə də neftin qiymətinin bədbin proqnozları fonunda indiki məzənnə siyasəti makroiqtisadi dayanıqlıq üçün fiaskoya uğraya bilər".
Müəllif: Elmir Murad
18 Avqust 2026