ABŞ-ın istiqraz addımı bazarları hərəkətə gətirdi: Səhmlər, qızıl və neft bahalaşdı

11:30 - 20.08.2026


20 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyinin borclanma xərclərini azaltmaq məqsədilə uzunmüddətli dövlət istiqrazlarının geri alınması həcmini iki dəfə artırmaq qərarı qlobal maliyyə bazarlarında kəskin canlanmaya səbəb olub.

Qərarın ardından ABŞ-ın 30 illik istiqraz gəlirliliyi 10 baza bəndi azalaraq 5,18%-ə düşüb, dollar isə son üç ayın minimumuna geriləyib.

Ağ Evdə kriptovalyuta sektoru rəhbərləri ilə görüşən Donald Trampın müvafiq qanun layihəsinin qəbulu üçün Konqresə təzyiqləri artırması "Bitcoin"in bahalaşmasını stimullaşdırıb. Qlobal birjalarda yaranan müsbət əhval-ruhiyyə fonunda Asiyanın "MSCI Asia Pacific" indeksi 1,6% yüksəlib, Cənub Koreyanın "Kospi" indeksi isə "SK Hynix" (+13%) və "Samsung"un (+8%) öncüllüyü ilə 5,6% sıçrayış edib.

Təzyiqlərin zəifləməsi fonunda qiymətli metallar yüksəlişini qoruyub; qızılın bir unsiyası 4 500 dollar ətrafında qərarlaşıb. "Brent" markalı xam neft isə ABŞ-ın İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərindən sonra ardıcıl 5-ci gün dəyər qazanaraq barel üçün 92 dollara yaxınlaşıb.