12:04 - 2.08.2019
2 avqust, Fineko/abc.az. Dövlət Neft Fondunun 2019-cu ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatını açıqlayıb.
Bildirilir ki, hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 413,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil etmişdir.
2019-cu il iyunun 30-a Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon dollar) nisbətən 10,25% artaraq 42 463,7 milyon dollar təşkil etmişdir.
Qeyd edilir ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%)2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil etmişdir.