Prezident yeni Dövlət Proqramını təsdiqlədi — İcra mexanizmləri və tapşırıqlar müəyyənləşdi

17:05 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, aidiyyəti dövlət qurumlarına turizm sektorunun inkişafı və maliyyələşdirilməsi ilə bağlı bir sıra mühüm tapşırıqlar verilib.

Sərəncama əsasən, Nazirlər Kabineti 6 ay müddətində "Turizm haqqında" qanunun təkmilləşdirilməsini, 3 ay müddətində isə turizm layihələrinə investisiya təşviqi sənədinin verilməsi mexanizminin yenilənməsini təmin etməlidir. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmə töhfəsini artırmaq üçün təkliflərini 3 ay ərzində hökumətə təqdim etməlidir. Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyə təminatı İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən illik dövlət büdcəsində nəzərdə tutulacaq, icranın monitorinqini isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aparacaq.