Yaxın Şərqdə gərginlik artır: "Brent" markalı neftin qiyməti 89 dolları ötüb

09:53 - 17.08.2026


17 avqust, Fineko/abc.az. ABŞ və İran arasında sülh sazişi ilə bağlı ümidlərin azalması və Hörmüz boğazında tanker hərəkətinin zəifləməsi fonunda neft qiymətləri sürətlə bahalaşıb.

"Brent" markalı neftin fyuçersləri 1% yüksələrək 89,40 dollara çatıb, hazırda isə 89,20 dollar səviyyəsində ticarət olunur. ABŞ-nin WTI markalı xam nefti isə bahalaşaraq 82,83 dollara yüksəlib.

Qeyd edək ki, keçən həftə BƏƏ-nin "ADNOC" şirkətinə aid tankerlərə və "Saudi Aramco"nun neft emalı zavoduna hücumlardan sonra hər iki neft markası 5%-dən çox dəyər qazanmışdı.

Gəmi izləmə məlumatlarına ("Kpler") əsasən, hücumlardan sonra Hörmüz boğazında dəniz hərəkətliliyi kəskin zəifləyib: ötən istirahət günlərində boğazdan vur-tut 5 gəmi keçdiyi halda, bazar günü heç bir keçid qeydə alınmayıb (əvvəlki həftə sonu bu göstərici 31 gəmi təşkil edirdi).