17:12 - 17.08.2026
17 avqust, Fineko/abc.az. ABŞ-da "Meta" korporasiyasına qarşı iddia qaldıran 29 ştatdan 4-ü (Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi) yaxın günlərdə keçiriləcək məhkəmə iclasında iddiaçı tərəf kimi iştirak edəcək. Qalan 25 ştatın məhkəmə prosesləri daha sonrakı tarixlərə saxlanılıb.
Kaliforniyanın Oklend şəhərində baxılan iddia sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi ilə bağlı "Meta"ya qarşı açılan ən iri məhkəmə işlərindən biri hesab olunur. "Instagram" və "Facebook" platformalarının sahibi olan şirkət gənclərin psixi sağlamlığına mənfi təsir göstərməkdə, sosial şəbəkələri uşaqlarda asılılıq yaradacaq şəkildə layihələndirməkdə və 13 yaşdan kiçik uşaqların fərdi məlumatlarını valideynlərin xəbəri olmadan toplamaqda təqsirləndirilir.
Ştatların baş prokurorları 1,4 trilyon dollara çata biləcək kompensasiya tələbi ilə yanaşı, "Meta"nın fəaliyyət mexanizmində ciddi dəyişikliklər edilməsini istəyirlər. Bura gənc istifadəçilər üçün valideyn icazəsinin tətbiqi, alqoritmlərin dəyişdirilməsi, xarici görünüşü dəyişən filtrlərin və avtotəkrar video funksiyasının ləğvi daxildir. Yüksək məbləğdə cərimə tətbiq olunacağı təqdirdə şirkətin müflisləşmə təhlükəsi ilə üzləşə biləcəyi qeyd olunur.
15 Avqust 2026
17 Avqust 2026