Kallas: "Payızda Rusiyaya qarşı ən geniş sanksiya paketini təqdim edəcəyəm"

17:04 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində Rusiya-Ukrayna münaqişəsi və Aİ-nin məhdudlaşdırıcı siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.

Kallas Aİ sanksiyalarının Rusiyaya indiyədək 1 trilyon avrodan çox zərər vurduğunu vurğulayaraq bildirib: "Payızda müharibə başlayandan bəri Rusiyaya qarşı ən geniş sanksiya siyahısını təqdim edəcəyəm".

Yenilənmiş məhdudlaşdırıcı tədbirlər qəbul ediləcəyi təqdirdə sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının, şirkət və təşkilatlarının sayının üçdə bir nisbətində artacağını qeyd edən Kallas, münaqişə başa çatana qədər Rusiyaya təzyiqlərin artırılmasının vacibliyini bildirib. O, yeni sanksiya siyahısının əhatə dairəsi və ora daxil ediləcək fiziki və hüquqi şəxslər barədə təfərrüatları açıqlamayıb.

Aİ indiyədək Rusiyaya qarşı 21 sanksiya paketini qüvvəyə mindirib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, energetika, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, habelə qızıl və almaz sahələrini əhatə edən geniş məhdudiyyətlər tətbiq olunur. Deniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Aİ-yə idxalına qoyulan qadağa, Rusiya banklarına qarşı əməliyyat məhdudiyyətləri və bir çox KİV-lərin fəaliyyətinin dayandırılması da sanksiyalara daxildir.

Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edən əməllərə görə tətbiq edilən sanksiya siyahısına 3 minə yaxın fiziki və hüquqi şəxs daxildir. Aİ-də yeni sanksiyaların qəbul olunması üçün üzv ölkələrin yekdil razılığı tələb olunur.