Azərbaycanın neft ixracı gəlirləri 8 milyard dolları ötüb — Həcm azalsa da, dəyər artıb

11:35 - 17.08.2026


17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 12 milyon 722,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% azdır.

Həcmin azalmasına baxmayaraq, ixrac edilən neft və xam neft məhsullarının dəyəri illik müqayisədə 4,9% artaraq 8 milyard 32,9 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədən 14 milyon 470,6 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu və həmin ixracın dəyəri 7 milyard 660,2 milyon dollar olmuşdu.