Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft daşınmasını davam etdirir — "Brent" 90 dollardan aşağıda qalır

14:00 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Yaxın Şərqdəki neft istehsalçıları İran ətrafında hərbi əməliyyatların uzanmasına baxmayaraq, Bəsrə körfəzindən böyük həcmdə xam neft daşınmasını saxlayırlar. Bu addım qiymətlərin nəzarətdə qalmasına və enerji amilli inflyasiya narahatlıqlarının zəifləməsinə kömək edir.

Mənbələrin verdiyi məlumata görə, neftin Hörmüz boğazından aşkarlanmadan keçirilərək Oman körfəzindəki tankerlərə boşaldılması prosesi, gəmilərə edilən hücumlara baxmayaraq tam gücü ilə davam edir. Bəzi hərbi mühafizəyə malik olsalar da, tankerlərin dəfələrlə hücumla qarşılaşdığı bildirilir.

Gizli fəaliyyət göstərən tankerlərin mövqelərini gizlətməsi səbəbindən daşınan dəqiq həcmi müəyyən etmək çətindir. Bununla belə, real göstəricinin bazardakı gündəlik 4 milyon barrel proqnozundan yüksək olduğu vurğulanır.

Münaqişədən əvvəl bu göstərici günə 20 milyon barrel təşkil edirdi. ABŞ-nin Energetika naziri Kris Rayt  isə son bir həftədə boğazdan gündəlik 9 milyon barrel neftin keçdiyini bildirib. Məhz bu daşımalar sayəsində "Brent" markalı neftin qiyməti avqust ayı ərzində 80-90 dollar diapazonunda qala bilib.