"Bayer"in "Roundup" məhkəmə iddiaları üzrə xərcləri 10 milyard dolları keçib — 7,25 milyard dollarlıq yeni razılaşma gözlənilir

12:07 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Almaniyanın "Bayer" dərman və kimya konserninin "Roundup" otbiçən dərmanı ilə bağlı məhkəmə iddiaları üzrə ödənişləri 10 milyard ABŞ dollarını keçib. Şirkət hazırda minlərlə iddianı əhatə edən 7,25 milyard dollarlıq yeni barışıq sazişi üzrə məhkəmə qərarını gözləyir.

"Bloomberg"in məlumatına görə, "Bayer"in "Monsanto" bölməsi və iddiaçıların vəkilləri Missuri ştatının məhkəməsinə birgə müraciət edərək, avqustun 19-na planlaşdırılan dinləmənin sentyabrın 10-na keçirilməsini xahiş ediblər. Təxirəsalma barışıq sazişindən imtina qərarını geri götürmək və razılaşmaya qoşulmaq istəyən iddiaçıların müraciətlərini emal etmək üçün tələb olunur.

Qeyd edək ki, "Bayer" 2018-ci ildə "Monsanto"nu almaqla "Roundup" preparatı ilə bağlı hüquqi problemləri də təhvil alıb. İyun ayında ABŞ Ali Məhkəməsi məhsulun etiketində xərçəng xəbərdarlığının olmamasına görə şirkətin məsuliyyət daşımadığına dair qərar çıxarmaqla "Bayer"in mövqeyini möhkəmləndirib. Şirkətin baş icraçı direktoru Bill Anderson bu il ərzində hüquqi riskləri əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı hədəfləyir.