SOCAR yaxın vaxtlarda Serbiyanın bu şirkəti ilə müqavilə imzalayacaq

15:27 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Serbiyanın “Elektroprivreda Serbiya” (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Niş şəhərinin meri Draqoslav Pavloviç ilə görüşdə deyib.

Tərəflər görüş zamanı, ümumilikdə, Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətləri müzakirə ediblər.

D. Handanoviç 2030-cu ildə elektrik stansiyasının tikintisinin başa çatdırılmasının planlaşdırıldığını vurğulayıb:

“Planlaşdırma sənədlərinin hazırlanması və uyğunlaşdırılması istiqamətində fəaliyyətlərə başlanılıb. Niş şəhərinin məkan planı artıq qəbul olunub və bu, planlaşdırma sənədləri üzərində gələcək işlər üçün əsas yaradır. Layihədə iştirak edən bütün aidiyyəti tərəflərin görüşündə layihəçidən 2030-cu ilin sonunadək həyata keçiriləcək əsas fəaliyyətlər və icra qrafiki barədə məlumat almaq imkanımız olub. Məhz həmin ildə elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni obyekt elektrik enerjisi təchizatının etibarlılığını artıracaq və Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatının yaxşılaşdırılmasına əlavə töhfə verəcək”.