CoinDesk: Bitkoinin gələcəyi smartfonlar qədər inqilabi olacaq

22:09 - 20.06.2026


20 iyun, Fineko/abc.az. “CoinDesk” agentliyinin indekslər və məlumatlar üzrə prezidenti Devid LaValle  investorları kriptovalyuta bazarındakı cari enişlərə rəğmən bitkoindən imtina etməməyə çağırıb. O, bitkoinin gələcəyini vaxtilə həyatımızı tamamilə dəyişdirən smartfonların gəlişi ilə müqayisə edib.

ABC.AZ CNBC-yə istinadən xəbər verir ki, bu açıqlama bitkoin üçün kifayət qədər çətin bir dövrə təsadüf edir. Belə ki, hazırda 63,000 dollarda  qərarlaşan lider kriptovalyuta, 6 oktyabr 2025-ci ildə qeydə alınmış 126,279- dollarlıq tarixi zirvəsindən təxminən 50% dəyər itirib.

Buna baxmayaraq, LaValle mövcud "kripto qışı" dövrünün investorları qorxutmayacağını bildirib: "Əvvəlki enişlərdən fərqli olaraq, hazırda investorlar 'kriptonun gələcəyi varmı?' deyə soruşmurlar, sadəcə 'bazara yenidən nə vaxt daxil ola bilərəm?' sualına cavab axtarırlar. Bu isə aktivin etibarlılığının göstəricisidir".

Məsələyə münasibət bildirən "TMX VettaFi" araşdırma mərkəzinin rəhbəri Tod Rozenblut  da nikbinliyi bölüşüb. O qeyd edib ki, qiymət enişlərinə baxmayaraq, xüsusilə "BlackRock"ın "iShares Bitcoin Trust" (IBIT) kimi iri ETF-lərində investorlar öz paylarını kütləvi şəkildə satmayıb, əksinə, mövcud geri çəkilməni yeni bir alış fürsəti kimi qiymətləndirirlər.