ABŞ əlavə 750 dollar müqabilində sürətləndirilmiş viza proqramına başlayır – Pilot layihə

10:44 - 9.06.2026


9 iyun, Fineko/abc.az. ABŞ Dövlət Departamenti müəyyən səfirlik və konsulluqlarda biznes və ya turizm vizası (B-1/B-2) üçün müraciət edənlərə əlavə rüsum müqabilində sürətləndirilmiş randevu xidməti təklif etməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, Associated Press (AP) agentliyinin əldə etdii daxili sənədlərə və rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, yeni pilot proqram çərçivəsində iddiaçılar standart 185 dollarlıq viza rüsumuna əlavə olaraq 750 dollar ödəməklə ödənişdən sonrakı 10 gün ərzində müsahibə tarixi təyin edə biləcəklər.

Müddət: Pilot proqramın bu həftə rəsmən elan edilməsi, 1 iyul - 31 dekabr 2026-cı il tarixləri arasında keçərli olması gözlənilir.

Zəmanət vermir: Bu ödəniş tamamilə könüllü xarakter daşıyır. Əlavə 750 dolların ödənilməsi viza müsahibəsinin tezləşdirilməsini təmin edir, lakin vizanın verilməsinə dair heç bir zəmanət yaratmır.

Proqramın məqsədi bəzi ölkələrdə 1 ilə çatan randevu növbələrini və vaxt itkisini azaltmaq, xüsusilə qarşıdan gələn 2026-cı il Futbol üzrə Dünya Çempionatı ərəfəsində təcili səfər planlaşdıranlara seçim imkanı yaratmaqdır. Layihənin tətbiq olunacağı səfirliklərin siyahısı iyulun 1-dək açıqlanacaq.