Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu işə başlayıb

17:32 - 1.06.2026


1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumu öz işinə başlayıb. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.

“Baku Energy Week”in yüksək səviyyəli və strateji dialoq platforması olan Bakı Enerji Forumu uzun illər ərzində regionda konstruktiv və balanslı enerji müzakirələrinin aparıldığı əsas mərkəzlərdən birinə çevrilmişdir. 2026-cı ildə Forum davamlı və şaxələndirilmiş enerjinin gələcəyi, enerji transformasiyası və gələcək strategiyaları, yaşıl enerji sahəsində genişlənə bilən layihələr və ixrac perspektivləri və digər vacib mövzuları əhatə edir.

“Baku Energy Forum”un beynəlxalq nüfuzu və strateji əhəmiyyəti tədbirə qatılan yüksək səviyyəli rəsmilərin və beynəlxalq enerji təşkilatlarının rəhbərlərinin forum iştirakçılarına ünvanladıqları müraciətlərdə aydın şəkildə əks olunur. 

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.  Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Week 2026”nın iştirakçılarına salamlama məktubu ünvanlamış və Forumun da əhəmiyyəti diqqətə çatdırmışdır.

Bakı Enerji Forumuna əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən irimiqyaslı şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Forumunda yüksək rütbəli qonaqlar iştirak edir.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında 60-dək spiker yer alır.

Bakı Enerji Forumunun ilk günündə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində sessiya təşkil olunub. Forum çərçivəsində baş tutan “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

Bakı Enerji Forumunun beynəlxalq enerji gündəliyində mühüm platformaya çevrilməsi və tədbirə göstərilən yüksək etimad nəticəsində bu il də aparıcı beynəlxalq təşkilatlar və dövlət qurumları öz xüsusi tədbir və sessiyalarını məhz forum çərçivəsində təşkil etmişlər. Bu, Forumun qlobal enerji dialoqu, regional əməkdaşlıq və strateji təşəbbüslərin müzakirəsi üçün mühüm platforma kimi rolunu bir daha təsdiqləyir.

Forumun gündəliyi olduqca zəngindir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar keçirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən İnvestisiya Forumu keçirilir. Bu tədbir regiondakı layihələrin maliyyələşdirilməsi üçün əsas platformalardan biridir. Forum çərçivəsində “Nazirlər arasında Dialoq: Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusunda sessiya və potensialın artırılmasına dair müzakirələr keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” və İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzi tərəfindən “Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi” sessiyalarının keçirilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, forumun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilir.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. Forumun proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://bakuenergyforum.az/az/forum-programme) tanış olmaq mümkündür.

Eyni zamanda Bakı Enerji Forumu zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilir. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunur.

Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Tədbirin  iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KMPG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO”  kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.

Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank çıxış edir. PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Tərəfdaşlar arasında “Absheron Hotel Group”,  “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır.

1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin edilir. Bu xidmətin sponsoru isə “Kolin İnşaat”  şirkətidir.

Bakı Enerji Forumunun təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az,www.bakuenergyforum.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.